BAKI, 10 avqust. TELEQRAF

“Region ölkələri təhlükəsizliyin “təhlükəsizlik alverçiləri”ndən satın alına bilən məhsul olmadığını anlayıblar”.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış müdafiə paktı haqda danışarkən deyib.

“Region ölkələri anladılar ki, bölgə və dünya üçün ən böyük təhlükə İsraildir və təhlükəsizliyin təmin olunması ilə bağlı ABŞ-nin iddialarına arxalanmaq olmaz”, - diplomat bildirib.

İsmayıl Bəqayi əlavə edib: “Dərin dini, tarixi və mədəni əlaqələrimiz olan üç ölkə - Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı tərəfindən bu müqavilənin İrana qarşı yönəldiyinə dair narahatlığa heç bir səbəb yoxdur”.

O, razılaşmanın region ölkələrinin təhlükəsizliyi təmin etmək üçün ABŞ-nin vədlərinə etibar edə bilməyəcəkləri qənaətinə və buna görə də öz imkanlarına güvənmək qərarına gəldiklərinin vacib əlaməti olduğunu iddia edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin qeyd edib ki, region ölkələri öz ərazilərini İrana hücum etmək üçün ABŞ-nin ixtiyarına verməməlidirlər.