BAKI, 7 avqust. TELEQRAF
İraq hökuməti təhlükəsizlik qüvvələrinə ölkə ərazisinin qonşu dövlətlərə qarşı raket və dronlarla hücumlar üçün istifadə edilməsinin qarşısını almaq barədə göstəriş verib.
Teleqraf xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı məlumat yayıb.
İraq Silahlı Qüvvələrinin Baş Komandanlığının sözçüsü Sabah ən-Numan bildirib ki, Səudiyyə Ərəbistanına mümkün hücumun qarşısını almaq məqsədilə təhlükəsizlik planı icra olunur.
Səudiyyə Ərəbistanından olan bir rəsmi isə CNN-ə deyib ki, çoxsaylı kəşfiyyat məlumatlarına əsasən, İraqdakı silahlı qruplaşmalar husilərlə (“Ənsarallah” Hərəkatı - Yəmən- red.) koordinasiyalı şəkildə və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyi altında yaxın vaxtlarda Səudiyyə Ərəbistanına hücum etməyi planlaşdırırlar.
Regional təhlükəsizlik tədbirləri çərçivəsində İraq Baş nazir Administrasiyası da Bağdadın əlavə hərbi qüvvələr göndərdiyini və ordunun döyüş hazırlığı səviyyəsinin artırıldığını açıqlayıb.