BAKI, 30 oktyabr. TELEQRAF
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərə pul veriləcək.
Teleqraf xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanun layihəsində əksini tapıb.
Qanun layihəsi iş yerində baş vermiş və ya baş verməsi ehtimal olunan korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumatların verilməsi və araşdırılması qaydasını, məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.
Layihənin məqsədi məlumat verən şəxslərin təzyiq və qisas tədbirlərindən müdafiəsini təmin etməklə korrupsiya hallarının aşkar edilməsinə və qarşısının alınmasına şərait yaratmaqdır.
Əsas qanun layihəsində nəzərdə tutulan mexanizmlərin həyata keçirilməsi üçün zəruri hüquqi əsasların yaradılması və qanunvericiliyin müvafiq müddəalarının həmin layihəyə uyğunlaşdırılması məqsədilə təqdim olunan qanun layihəsi ilə üç məcəlləyə və altı qanuna dəyişikliklər edilməsi təklif olunur.
Belə ki, Əmək Məcəlləsinə təklif edilən əlavələrlə işçinin əsas hüquqları sırasına əsas qanun layihəsində nəzərdə tutulan təminatlardan istifadə etmək hüququ, İşəgötürənin əsas vəzifələri sırasına isə həmin layihədə müəyyən edilən vəzifələrin həyata keçirilməsini təmin etmək öhdəliyi daxil edilir. Bu əlavələr məlumat verən işçilərin müdafiəsinə dair təminatların əmək münasibətlərində həyata keçirilməsinə xidmət edir.
Vergi Məcəlləsinə təklif edilən əlavə ilə əsas qanun layihəsinə uyğun olaraq məlumat verən şəxslərə ödənilən mükafatın gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.
Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişikliklərlə məlumat verən şəxsin öz razılığı ilə şahid qismində dindirilməsi, habelə əsas qanun layhəsinin 16.5-ci maddəsində nəzərdə tutulan halda xüsusi müzakirə olunmuş əmlak hesabına həmin şəxsə pul vəsaitinin ödənilməsinə hüquqi əsas yaradılması nəzərdə tutulur.
Qanun layihəsi müzakirələrdən sonra səsverəyə qoyularaq birinci oxunuşda qəbul edilib.