BAKI, 30 oktyabr. TELEQRAF
Azərbaycan yaxın illərdə bərpaolunan enerji mənbələri hesabına əlavə 2 QVt elektrik enerjisi istehsal etməyi, sonrakı mərhələdə isə ixrac üçün 8 QVt gücündə əlavə generasiya imkanları yaratmağı hədəfləyir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iqtisadçı Ceffri Saksa müsahibəsində bildirib.
Ölkənin yaşıl enerjiyə keçidini yeni reallıq kimi qəbul etdiyini deyən H.Hacıyev Xəzər dənizindəki külək enerjisi potensialının Şimal dənizi daxil olmaqla dünyanın aparıcı regionları ilə rəqabət aparmaq imkanına malik olduğunu vurğulayıb.
O qeyd edib ki, bu potensialın real iqtisadi resursa çevrilməsi üçün "Masdar", "ACWA Power" və Çin şirkətləri ilə əməkdaşlıq edilir.
Prezidentin köməkçisi yaşıl enerji layihələrinin Ermənistanla sülh prosesinə töhfə verə biləcəyini də qeyd edib:
"Regionda iqtisadi əməkdaşlığın inkişafı və ortaq enerji layihələrinin reallaşdırılması sülhün dividendlərini hər kəs üçün əlçatan edə bilər".