BAKI, 30 oktyabr. TELEQRAF

Azərbaycan Cənubi Qafqazı böyük güclərin qarşıdurma poliqonundan beynəlxalq ticarət və əməkdaşlıq qovşağına çevirmək strategiyasını uğurla icra edir.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iqtisadçı Ceffri Saksa müsahibəsində bildirib.

H.Hacıyev ölkənin balanslı xarici siyasət yürütərək "orta güc" konsepsiyasını möhkəmləndirdiyini vurğulayıb:

"Tarixən Azərbaycan böyük imperiyaların döyüş meydanı olub və buna görə çox əziyyət çəkmişik. 90-cı illərin başında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli konsensus əldə etdik - buranı böyük dövlətlərin döyüş meydanından ticarət məkanına çevirəcəyik. Bütün tərəfdaşlarımıza sübut etdik ki, ticarət etmək savaşmaqdan daha yaxşıdır".

H.Hacıyev eləcə də əlavə edib ki, hazırda Çin, Avropa İttifaqı və ABŞ kimi üç böyük güclə Azərbaycanın strateji tərəfdaşlığı var.