BAKI, 3 iyul. TELEQRAF
“Livan da daxil olmaqla, bölgədə silahlı qarşıdurmaların dayandırılması vacibdir, bu, ABŞ və İran arasında əldə olunan razılaşmanın tərkib hissəsidir”.
Teleqraf xəbər verir ki, bunu İranda səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.
“Bu müharibə göstərdi ki, silahlı münaqişələr böyük ekoloji və iqtisadi itkilərə səbəb olur. Xüsusilə də Hörmüz boğazı ətrafında yaranan vəziyyət bunu bir daha nümayiş etdirdi. Bölgədə sabitliyin təmin edilməsi davamlı sülhün əsas şərtidir.
Region üzərində geosiyasi oyunlar quran xarici qüvvələr qarşıdurmalar yaratmaqla bölgənin resurslarından faydalanmağa çalışırlar. Bu baxımdan ölkələr arasında münasibətlərin möhkəmləndirilməsi və müxtəlif təxribatlara uymamaq böyük əhəmiyyət daşıyır. Təhlükəsizlik olmayan yerdə inkişaf da mümkün olmur. Buna görə də təhlükəsizlik hər şeyin təməlidir. Hamımız mümkün təxribatlara qarşı ayıq-sayıq olmalıyıq”, - vitse-prezident vurğulayıb.