BAKI, 29 iyun. TELEQRAF

Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu ilə Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Press Agentliyi (SPA) məlumat yayıb.

Məlumata görə, tərəflər ABŞ və İran arasında imzalanmış anlaşma memorandumu çərçivəsində baş verən son inkişafları nəzərdən keçiriblər.

Nazirlər regionda təhlükəsizlik və sabitliyin gücləndirilməsinə xidmət edən hərtərəfli həll yollarının dəstəklənməsinin, həmçinin diplomatik danışıqlar prosesinə yardım göstərilməsi üçün beynəlxalq səylərin artırılmasının vacibliyini vurğulayıblar.

Söhbət zamanı Məhəmməd İshaq Dar Səudiyyə Ərəbistanının Şərq vilayətində yerləşən Rəs-Tanurada "Saudi Aramco" şirkətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.