BAKI, 16 iyun. TELEQRAF
Ötən həftə son qarşıdurma zamanı İsrailin İranda yüzlərlə hədəfə qarşı planlaşdırdığı hücum əməliyyatı başlanmasına cəmi bir saat qalmış ABŞ Prezidenti Donald Trampın müdaxiləsi nəticəsində dayandırılıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin KAN telekanalı İsrail Hərbi Hava Qüvvələrinin komandanı Omer Tişlerin şəxsi heyətə ünvanladığı məktuba istinadla bildirib.
Kanal İsrail Hərbi Hava Qüvvələrinin komandanından sitat gətirib:
“Bütün Hərbi Hava Qüvvələri genişmiqyaslı hücuma hazır idi. Uçuş əmrinin verilməsinə və İranın mərkəzində yerləşən yüzlərlə hədəfə zərbələrin endirilməsinə cəmi bir neçə saat qalmışdı. Amma eskadrilyalarda keçirilən brifinqlər zamanı əməliyyat dayandırıldı”.
O. Tişler məktubunda İsrailin son vaxtlar İrana qarşı həyata keçirdiyi hücumlara da toxunaraq qeyd edib ki, qlobal hadisələrin təhlükəsizliyə təsirini qiymətləndirmək üçün hələ tezdir.
“İran rəhbərliyinə, müdafiə və hücum sistemlərinə, nüvə proqramı ilə bağlı strukturlara, iqtisadiyyata, komanda-idarəetmə zəncirinə və texniki bazalara, hərbi və milli sənaye obyektlərinə ağır zərbələr endirdik. Bununla da təhdidi əhəmiyyətli dərəcədə azaltdıq, yenidənbərpa prosesini uzatdıq və gələcəkdə İranda yenidən fəaliyyət göstərmək və əməliyyat keçirmək imkanımızı qoruyub saxladıq”.