BAKI, 4 iyun. TELEQRAF
“Livanla son razılaşmada “Hizbullah” terror təşkilatının bütün ölkə boyunca tərksilah edilməsi məqsədinin açıq şəkildə ifadə edilməsi və İranın bölgəyə müdaxiləsinin rəsmi şəkildə pislənilməsi yer alır”.
Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.
Nazir vurğulayıb ki, bu çərçivədə nəzərdə tutulan atəşkəs “Hizbullah” qüvvələrinin İsraillə sərhəd ərazilərindən çıxarılması və Livan ordusunun nəzarəti altında silahsızlaşdırılmış zonanın yaradılması şərtilə həyata keçiriləcək.
Kats həmçinin bildirib ki, İsrail ordusu bu mərhələdə əməliyyatlarını davam etdirəcək və “Sarı Xətt”ə qədər Livandakı təhlükəsizlik zonasında mövcudluğunu qoruyub saxlayacaq.
İsrail müdafiə naziri əlavə edib ki, bu razılaşma ölkə ərazisinə atəş açılacağı təqdirdə ABŞ-nin dəstəyi ilə Beyrutda hərbi əməliyyatlar aparmaq azadlığı verir.
Xatırladaq ki, bundan əvvəl Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan rəsmiləri arasında danışıqlar keçirilib.