BAKI, 17 aprel. TELEQRAF
“Türkiyə 14 il ərzində Suriya xalqının inqilabını dəstəkləyib və xalqın yanında olub”.
Teleqraf xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd Şaraa “Anadolu”ya deyib.
Suriya lideri həmçinin iki ölkə arasında dərin tarixi və coğrafi bağların mövcud olduğunu vurğulayıb:
“Suriya-Türkiyə tərəfdaşlığı regionun və bütün dünyanın təhlükəsizliyinin gələcəyi baxımından böyük əhəmiyyət daşıyır”.
Şaraa qeyd edib ki, Suriya böhran mərhələsindən çıxaraq sabitlik, yenidənqurma və inkişaf yolunda böyük tarixi fürsət əldə edib. prezidentin sözlərinə görə, Suriya xüsusilə Bəsrə körfəzi regionu ilə Türkiyə arasında enerji təchizatı və tədarük zəncirləri üçün təhlükəsiz keçid, alternativ marşrut təqdim edir.
İsrailin Suriyaya hücumlarına da toxunan Şaraa söyləyib ki, İsrail işğal altındakı Qolan Təpələrinə qonşu bəzi əraziləri də ələ keçirib. Buna baxmayaraq, gərginliyin artmaması üçün diplomatik yolu seçdiklərini və beynəlxalq ictimaiyyətin dəstəyini qazanmağa çalışdıqlarını vurğulayıb.
Prezident Şaraa əlavə edib ki, Suriyanın şimal-şərqindəki (Türkiyə ilə sərhəd bölgəsindən) son xarici (ABŞ) hərbi baza da çıxarılıb. O, SDQ ilə Suriya dövləti arasında inteqrasiya prosesinin davam etdiyini və bunun ölkə üçün mühüm nailiyyət olduğunu qeyd edib.