BAKI, 8 aprel. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin İslamabadda ABŞ ilə danışıqlarda iştirakını təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Baş naziri Administrasiyası məlumat verib.
“Prezident Məsud Pezeşkian Baş nazir Şahbaz Şərifə təşəkkür edərək, İslamabadın İran və ABŞ arasında müvəqqəti atəşkəs əldə etmək səylərini yüksək qiymətləndirib və Pakistan xalqına ən xoş arzularını çatdırıb. O, İranın İslamabadda keçiriləcək danışıqlarda iştirak edəcəyini təsdiqləyib”, - Baş nazir Administrasiyası bildirib.
Qeyd edilib ki, Şərif və Pezeşkian arasında isti və dostcasına söhbət 45 dəqiqədən çox davam edib.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana hücumları müvəqqəti olaraq dayandırmağa hazır olduğunu bildirdikdən sonra rəsmi Tehran iki həftəlik atəşkəs şərtlərini qəbul edib. Tərəflər arasında danışıqların aprelin 10-da İslamabadda aparılması planlaşdırılır.
ABŞ və İsrail müvafiq razılaşma çərçivəsində İrana qarşı hərbi əməliyyatları iki həftə təxirə salıb.