BAKI, 8 aprel. TELEQRAF
Yaponiya Baş naziri Sanae Takaiçi İrandan Hörmüz boğazında gəmilərin təhlükəsizliyini təmin etməsini tələb edib.
Teleqraf xəbər verir ki, o, öz mövqeyini İran Prezidenti Məsud Pezeşkianla telefon danışığında bildirib.
Yaponiya Baş naziri söhbət zamanı bölgədə vəziyyətin sabitləşdirilməsinin vacibliyini də İran Prezidentinin diqqətinə çatdırıb.
Sanae Takaiçi həmçinin ABŞ və İranın iki həftəlik atəşkəs elan etməsini alqışlayıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana hücumları müvəqqəti olaraq dayandırmağa hazır olduğunu bildirdikdən sonra rəsmi Tehran iki həftəlik atəşkəs şərtlərini qəbul edib. Tərəflər arasında danışıqların aprelin 10-da İslamabadda aparılması planlaşdırılır.
ABŞ və İsrail müvafiq razılaşma çərçivəsində İrana qarşı hərbi əməliyyatları iki həftə təxirə salıb.