BAKI, 7 aprel. TELEQRAF

İranın müharibəyə son qoymaq üçün təklif etdiyi planda Hörmüz boğazından keçən gəmilərə 2 milyon dollar rüsum qoyulması nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) İran rəsmilərinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, 10 maddəlik plan ABŞ və İsrailin İrana gələcək hücumlardan çəkinməsini nəzərdə tutur. Həmçinin burada İsrailin Livanda “Hizbullah”ın mövqelərinə zərbələri dayandırması və bütün sanksiyaları ləğv etməsi kimi iddialar da yer alır. Bunun müqabilində İran Hörmüz boğazında gəmilər üçün yolu açır və hər gəmi üçün təxminən 2 milyon dollar rüsum almağa başlayır.

Tehran həmçinin bu vəsaiti boğazın o tayında yerləşən Omanla bölüşmək niyyətindədir.

İran əldə edə biləcəyi gəlirdən öz payını İsrail və ABŞ-nin zərbələri nəticəsində dağıdılmış infrastrukturu bərpa etmək üçün istifadə etməyi düşünür.