BAKI, 2 aprel. TELEQRAF

Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Niderland, Yaponiya, Kanada, Koreya Respublikası, Yeni Zelandiya, Danimarka, Latviya, Sloveniya, Estoniya, Norveç, İsveç, Finlandiya, Çexiya, Rumıniya, Bəhreyn, Litva və Avstraliya liderləri Hörmüz boğazındakı vəziyyətlə bağlı birgə bəyanat yayıblar.

Teleqraf xəbər verir ki, sənəddə İranın regiondakı hərəkətləri kəskin pislənilir və beynəlxalq təhlükəsizlik çağırışları yer alır.

Bəyanatda deyilir:

“Biz İranın Körfəzdəki silahsız ticarət gəmilərinə son hücumlarını, neft və qaz qurğuları da daxil olmaqla mülki infrastruktura hücumları və İran qüvvələri tərəfindən Hörmüz boğazının de facto bağlanmasını ən sərt şəkildə pisləyirik. Artan münaqişə ilə bağlı dərin narahatlığımızı bildiririk. Biz İranı təhdidlərini, mina yerləşdirməsini, dron və raket hücumlarını, habelə boğazı kommersiya gəmiçiliyi üçün bağlamaq cəhdlərini dərhal dayandırmağa və BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinə əməl etməyə çağırırıq.

Dənizçilik (naviqasiya) azadlığı, Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ Konvensiyası da daxil olmaqla, beynəlxalq hüququun əsas prinsiplərindən biridir. İranın hərəkətlərinin təsirlərini dünyanın hər yerindəki insanlar, xüsusən də ən həssas təbəqə hiss edəcək.

BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinə uyğun olaraq, biz beynəlxalq gəmiçiliklə bağlı bu cür müdaxilənin və qlobal enerji təchizatı zəncirlərinin pozulmasının beynəlxalq sülh və təhlükəsizliyə təhdid təşkil etdiyini vurğulayırıq. Bu baxımdan, biz neft və qaz qurğuları da daxil olmaqla, mülki infrastruktura hücumlara dərhal hərtərəfli moratorium qoyulmasını tələb edirik.

Boğazdan təhlükəsiz keçidi təmin etmək üçün müvafiq səylərə töhfə verməyə hazır olduğumuzu bildiririk. Hazırlıq planlaşdırmasında iştirak edən ölkələrin öhdəliklərini alqışlayırıq. Eyni zamanda, Beynəlxalq Enerji Agentliyinin strateji neft ehtiyatlarının əlaqələndirilmiş şəkildə buraxılmasına icazə vermək qərarını dəstəkləyirik. Enerji bazarlarını sabitləşdirmək üçün digər addımlar atacağıq, o cümlədən hasilatı artırmaq üçün müəyyən istehsalçı ölkələrlə əməkdaşlıq edəcəyik.

Biz həmçinin ən çox təsirlənən ölkələrə, o cümlədən Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Maliyyə İnstitutları vasitəsilə dəstək göstərmək üçün çalışacağıq. Dəniz təhlükəsizliyi və naviqasiya azadlığı bütün ölkələrə fayda verir. Biz bütün dövlətləri beynəlxalq hüquqa hörmət etməyə və beynəlxalq rifah və təhlükəsizliyin fundamental prinsiplərini dəstəkləməyə çağırırıq”.