BAKI, 2 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Avropadakı müttəfiqlərini Hörmüz boğazının açılmasını təmin etmək üçün yaratdığı koalisiyaya qoşulmağa məcbur etmək məqsədilə Ukraynaya silah tədarükünü dayandırmaqla hədələyib.

Teleqraf xəbər verir, bu barədə “Financial Times” mənbələrə istinadla məlumat yayıb.

ABŞ Prezidenti NATO Hərbi Dəniz Qüvvələrindən Hörmüz boğazını açmağa kömək etməsini tələb edib. Bəzi Avropa dövlətləri bu tələbi rədd edərək belə cavab veriblər ki, bu, müharibə bitmədən mümkün deyil. Bəziləri isə bunun onların müharibəsi olmadığını deyiblər.

Donald Tramp cavab olaraq Avropa ölkələrini Ukraynaya silah tədarükünü dayandırmaqla hədələyib. Nəticədə, NATO baş katibi Mark Ruttenin təşəbbüsü ilə Fransanı, Almaniyanı və Böyük Britaniyanı əhatə edən ölkələr qrupu martın 19-da tələsik razılaşdırılmış bəyanat yayıb: “Biz Hörmüz boğazı vasitəsilə təhlükəsiz keçidin təmin olunmasına dair müvafiq səylərə qoşulmağa hazır olduğumuzu bildiririk”.

Danışıqlardan məlumatlı olan bir rəsmi qeyd edib ki, bəyanatın birgə yayımlanmasını Mark Rutte tələb edib: “Bəyanat sürətlə hazırlanıb və digər ölkələr ora sonradan qoşulub, çünki bütün iştirakçıları dərhal imzalamağa dəvət etməyə vaxt olmayıb”.

Hörmüz boğazı fevralın 28-də ABŞ-İsrail hücumlarının başlanmasından sonra İran tərəfindən bağlanıb.