BAKI, 30 mart. TELEQRAF
İran ABŞ-dən daxil olan danışıqlar təkliflərini qeyri-real və məntiqsiz hesab edir.
Teleqraf xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi bildirib.
Onun sözlərinə görə, ABŞ diplomatiyası beynəlxalq müstəvidə etimad qazanmayıb. İsmayıl Bəqayi deyib ki, vasitəçilər vasitəsilə təqdim olunan 15 bəndlik və ya digər təkliflər paketi həddindən artıq tələblərlə doludur:
"Bizim üçün hansı çərçivələrin məqbul olduğu əvvəldən bəllidir. Təqdim olunan sənədlər isə qeyri-real və məntiqsizdir".
İran XİN rəsmisi Vaşinqtonun danışıqlar prosesində səmimi olmadığına diqqət çəkib. O, ABŞ-nin danışıqlar aparıldığı dövrdə İrana qarşı iki dəfə – 2025-ci ilin iyun və 2026-cı ilin fevral aylarında hərbi hücum həyata keçirdiyini xatırladıb:
"Hazırda ABŞ-nin hərbi təcavüzü daha yüksək intensivliklə davam edir. Bütün səylərimizi müdafiəmizə yönəltmişik. Bir ildən az müddətdə iki dəfə diplomatik xəyanət ilə üzləşmişik. Buna görə də, ABŞ-nin açıqlamalarını səmimi hesab etmirik".