BAKI, 25 mart. TELEQRAF
İran ABŞ-yə atəşkəs danışıqlarına qayıtmaq üçün çoxsaylı və maksimal şərtlər irəli sürüb. Bu şərtlərdən biri ABŞ-nin Bəsrə körfəzindəki bütün hərbi bazalarının bağlanması ilə əlaqəlidir.
Teleqraf xəbər verir ki, bu barədə “Wall Street Journal” mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, İslam İnqilabı Keşikçiləri (SEPAH) zəifləmiş İran hakimiyyəti daxilində ciddi nüfuz qazanıb və bu tələblərin müəyyən edilməsində rol oynayır.
İran bundan əvvəl xarici işlər naziri Abbas Əraqçi tərəfindən açıqlanmış müharibə zərərlərinə görə təzminat tələb etməklə yanaşı, Hörmüz boğazında “yeni nizam” yaradılmasını da istəyir.
WSJ “yeni nizam” şərtini belə izah edib ki, Tehran Misirin Süveyş kanalında tətbiq etdiyi kimi, bu su yolundan keçən gəmilərdən rüsum almaq istəyir.
Digər tələblərə bütün sanksiyaların tam ləğvi, İsrailin “Hizbullah”a hücumlarının dayandırılması və müharibənin yenidən başlamamasına zəmanət verilməsi daxildir.
Tehran raket proqramını heç bir məhdudiyyət və ya danışıqlar olmadan qoruyub saxlamaqda da israrlıdır.
ABŞ rəsmisi nəşrə açıqlamasında bu tələbləri qeyri-real kimi qiymətləndirib. Digər ərəb ölkələri və ABŞ rəsmilər də xəbərdarlıq ediblər ki, bu yanaşma razılaşmanın əldə olunmasını əvvəlkindən daha da çətinləşdirir.
Məlumata görə, bu mesajlar diplomatik fəallığın yeni mərhələsində, ötən həftənin sonlarında Yaxın Şərqdəki vasitəçilər vasitəsilə ötürülüb və hazırda ABŞ ilə İran arasında birbaşa əlaqə yoxdur.