BAKI, 12 mart. TELEQRAF
ABŞ kəşfiyyatı Amerika və İsrailin təxminən iki həftədir davam edən hücumlarına baxmayaraq, İran hakimiyyətinin dağılmaq təhlükəsi ilə üzləşdiyinə inanmır.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters”ə ABŞ kəşfiyyatının hesabatı ilə tanış olan üç mənbə bildirib.
Həmsöhbətlərin sözlərinə görə, çoxsaylı kəşfiyyat məlumatları eyni nəticəni göstərir: İran rəhbərliyi ölkədəki vəziyyəti nəzarətdə saxlamağa davam edir və hazırda rejimin devrilməsi təhlükəsi yoxdur.
Mənbələr qeyd edirlər ki, son kəşfiyyat təhlili cəmi bir neçə gün əvvəl hazırlanıb və kütləvi hava hücumlarından sonra belə hökumətin sabitliyini təsdiqləyir.
Vurğulanır ki, fevralın 28-də - müharibənin ilk günündə Ali rəhbər Əli Xameneinin öldürülməsinə baxmayaraq, İranın dini-hərbi rəhbərliyi ən qısa vaxtda birləşə bilib:
Artıq Ekspertlər Şurası Əli Xameneinin oğlu Müctəba Xameneini yeni ali rəhbər elan edib. Üstəgəl, iqtisadiyyat və təhlükəsizlik qüvvələrinin əhəmiyyətli hissəsinə nəzarət edən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkə üzərində nəzarəti qorumağa davam edir”.
ABŞ Prezidenti Donald Tramp bundan əvvəl 2003-cü il İraq müharibəsindən bəri ən böyük Amerika hərbi əməliyyatının tezliklə başa çata biləcəyinə işarə edib. Amma “Reuters”ə danışan analitiklər deyirlər ki, İranın sərt xəttini dəstəkləyən komanda hakimiyyətdə qalarsa, müharibənin məqbul sonluğunu tapmaq çətin olacaq.
İsrail rəsmiləri də hərbi kampaniyanın İran rejiminin devrilməsinə səbəb olacağına dair zəmanətin olmadığını etiraf edirlər.
İrandakı kürd qruplarından istifadə edərək hakimiyyətə təzyiq imkanı da nəzərdən keçirilib. Xüsusilə, “Komal” Partiyasının nümayəndələri minlərlə gəncin hökumətə qarşı silahlanmağa hazır olduğunu bildiriblər. Amma ABŞ kəşfiyyatının hesablamalarına görə, kürd qruplaşmalarında İran qüvvələri ilə ciddi şəkildə mübarizə aparmaq üçün kifayət qədər canlı qüvvə və ağır silahlar yoxdur.
Mənbələrə görə, kürd təşkilatları silah və zirehli texnika üçün Vaşinqtona müraciət ediblər, amma hələlik belə bir dəstək almayıblar.
Ekspertlər hesab edirlər ki, İranda rejimi devirmək üçün daxili etirazların başlamasına imkan verəcək genişmiqyaslı quru əməliyyatı tələb oluna bilər. Tramp administrasiyası rəsmi olaraq ABŞ qoşunlarının İrana göndərilməsi ehtimalını istisna etmir, amma bu məsələ ilə bağlı hələlik yekun qərar verilməyib.