BAKI, 2 mart. TELEQRAF
Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) hazırkı hərbi gərginlik fonunda daxili təhlükəsizliyin təmini və hava məkanının qorunması üçün bütün zəruri tədbirləri görür.
Teleqraf xəbər verir ki, bunu BƏƏ Prezidentinin müşaviri Ənvər Qarqaş CNN telekanalına müsahibəsində bölgədəki son hərbi eskalasiyanı şərh edərkən deyib.
O bildirib ki, hazırda ölkənin iki əsas prioriteti var, danışıqlar masasına qayıtmaq və BƏƏ-ni qorumaq:
"Biz fövqəladə planlarımızla birlikdə yaxşı vəziyyətdəyik. Hava hücumundan müdafiə sistemlərimiz böyük iş görüb. Biz BƏƏ-ni və burada yaşayan hər kəsi qorumağa davam edəcəyik. Bu bizim üçün bu gün ən mühüm prioritetdir".
Diplomat həmçinin vurğulayıb ki, ABŞ Prezidentinin İran xalqına rejim dəyişikliyi ilə bağlı müraciəti fonunda BƏƏ-nin mövqeyi aydındır:
"İranın gələcək istiqaməti və taleyi iranlıların öz qərarıdır. Bizim vəzifəmiz regionun sabitliyini təmin etmək üçün tərəfdaşlarımızla işləməkdir".