BAKI, 2 mart. TELEQRAF

Türkiyə ilə İran arasındakı gümrük-keçid məntəqələrində günübirlik sərnişin keçidləri qarşılıqlı olaraq dayandırılıb.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömer Bolat bildirib.

Nazirin sözlərinə görə, məhdudiyyət hər üç sərhəd qapısına şamil olunur.

Ö.Bolat qeyd edib ki, hazırda hər iki ölkə yalnız öz vətəndaşlarının geri qayıtmasına şərait yaradır. Belə ki, İran tərəfi Türkiyədə olan öz vətəndaşlarının ölkəyə girişinə, Türkiyə tərəfi isə İranda olan Türkiyə və üçüncü ölkə vətəndaşlarının ölkəyə daxil olmasına icazə verir.

Ticarət naziri vurğulayıb ki, günübirlik sərnişin axını dayandırılsa da, gümrük məntəqələrində yük daşımaları və ticari fəaliyyətlər nəzarət altında fasiləsiz olaraq davam etdirilir.

Qeyd edək ki, sözügedən qərar Türkiyə-İran sərhədində yerləşən Gürbulak, Kapıköy və Esendere gümrük məntəqələrini əhatə edir.