BAKI, 17 fevral. TELEQRAF

İranın Ali rəhbəri Əli Xamenei Şərqi Azərbaycan vilayəti və Təbriz sakinləri ilə görüşüb.

Teleqraf xəbər verir ki, o, görüşdə İranda hakimiyyət əleyhinə etirazlardan da danışıb.

Xamenei gənc azərbaycanlıların müxtəlif sahələrdə fəal iştirakını təqdir etdiyini bildirib:

“Təbriz xalqının inqilabın ildönümü ilə əlaqədar yürüşdə ikiqat iştirakı göstərdi ki, təbrizlilər bütün İran xalqı kimi canlı və enerjili xalqdır. Belə bir xalq heç vaxt siyasi oyunlar və düşmənin hiylələrinə aldanmaz. Xalq güc və dözümlülüyünü dəfələrlə nümayiş etdirməklə İranı qürurlandırıb. Hazırda xaricdə səfərdə olan rəsmilər həmkarları ilə görüşlərdə xalqın xüsusi əhəmiyyətini hiss edirlər”.

İran lideri hakimiyyət əleyhinə kütləvi etirazları “planlaşdırılmış çevriliş” adlandırıb:

“Baş verənlər iğtişaş deyil, İran millətinin ayaqları altında əzilən “planlaşdırılmış çevriliş” idi. Əsas məqsədləri sistemin sarsıtmaq idi. Əlbəttə, nizami ordu, “Bəsic” və SEPAH, həmçinin çoxsaylı insanlar iğtişaşçılara qarşı dayandılar, bütün hazırlıq və böyük xərclərə baxmayaraq çevriliş aşkar şəkildə uğursuz oldu və xalq meydanda qalib gəldi”.