BAKI, 27 noyabr. TELEQRAF

ABŞ dövlət katibinin keçmiş müavini, ölkənin 42-ci Prezidenti Bill Klintonun Rusiya və keçmiş SSRİ ölkələri üzrə müşaviri Stroub Telbott 80 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Bildirilib ki, Telbott Sprinqsdəki evində dünyasını dəyişib. Onun ölüm xəbərini həyat yoldaşı Barbara Eşer təsdiqləyib.

Telbott karyerasına jurnalist kimi başlayıb və 20 ildən çox “Time” jurnalında çalışıb. O, Oksford Universitetində təhsil aldığı dövrdə Bill Klintonla dostluq münasibətləri qurub.

1990-cı illərin əvvəllərində Klinton administrasiyasında əvvəlcə yeni müstəqil dövlətlər üzrə müşavir, daha sonra ABŞ dövlət katibinin müavini vəzifəsində çalışıb.

Dövlət xidmətindən ayrıldıqdan sonra Telbott 15 il Brukinqs İnstitutunun prezidenti olub.