BAKI, 27 noyabr. TELEQRAF
Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev ABŞ-nin keçmiş Prezidenti Co Baydenin administrasiyasını sosial şəbəkələrdən və media platformalarından beynəlxalq müdaxilə və senzura məqsədilə istifadə etməkdə ittiham edib.
Teleqraf xəbər verir ki, Dmitriyev bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O, Bayden administrasiyası dövründə ABŞ Milli Təhlükəsizlik Şurasının və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bu istiqamətdə gizli fəaliyyət göstərdiyini iddia edib və bunu “gizli şər” adlandırıb.
Dmitriyev paylaşımına ABŞ Milli Təhlükəsizlik Şurasının əməkdaşına aid olduğu bildirilən 2022-ci il dekabrın 22-si tarixli elektron məktubun ekran görüntüsünü əlavə edib.
Məktubda “Google” və “YouTube”un Avropa Jurnalistika Mərkəzi vasitəsilə Ukrayna mediasını maliyyələşdirdiyi, həmçinin Rusiyanın müstəqil media qurumlarına qrant ayırmağı planlaşdırdığı bildirilir.
Qeyd edək ki, 2025-ci il fevralın 3-də ABŞ administrasiyası USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb.