BAKI, 27 noyabr. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya gələcək maliyyə yardımı ilə bağlı şübhə və narahatlıq yaratmamağa çağırıb.

Teleqraf xəbər verir ki, Fransa lideri bu barədə Brüsseldə Avropa İttifaqının (Aİ) yeddiillik büdcəsinə dair danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

Makron Fransada prezidentliyə namizədlərin Ukraynaya maliyyə yardımının məhdudlaşdırılması ilə bağlı çağırışlarını şərh etməkdən imtina edib.

O, Fransanın Aİ səviyyəsində siyasi təşəbbüslərə və Ukraynaya hərbi yardıma mühüm töhfə verdiyini, lakin maliyyə baxımından ən böyük dəstək göstərən ölkə olmadığını etiraf edib.

“Hesab edirəm ki, şübhə və narahatlıq yaratmaq lazım deyil”, – Makron vurğulayıb.

Fransa Prezidenti Ukraynadakı münaqişənin Avropa sakinlərinin təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıdığını bildirərək Kiyevə dəstəyin davam etdiriləcəyini açıqlayıb.

Qeyd edək ki, Aİ-nin Brüsseldə keçirilən növbədənkənar sammitində qurumun 2028–2034-cü illər üzrə büdcə layihəsi müzakirə olunub. Layihədə Ukraynanın ehtiyacları üçün 100 milyard avronun ayrılması nəzərdə tutulur.

TASS-ın diplomatik mənbəyə istinadən yaydığı məlumata görə, Aİ liderləri büdcə ilə bağlı razılığa gələ bilməyiblər. Müzakirələrin dekabrda davam etdirilməsi planlaşdırılır.