BAKI, 27 noyabr. TELEQRAF
Gürcüstanın Batumi şəhərində Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel” (Beer-Şeva) klubları arasında keçirilən UEFA Avropa Liqasının oyununda baş verən insidentlər nəticəsində 16 nəfər saxlanılıb, üç polis əməkdaşı yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, azarkeşlərin bir qisminin aqressiv davranışları səbəbindən polis xüsusi vasitələrdən istifadə edib.
Gürcüstan DİN polisin müdaxiləsinin Fələstin bayraqlarının nümayiş etdirilməsi ilə əlaqəli olması barədə məlumatları təkzib edib, qarşıdurmanın stadiona yürüş zamanı başladığını bildirib.
“Beşiktaş”ın prezidenti Serdal Adalı isə iki azarkeşin yaralandığını, 12–13 azarkeşin saxlanıldığını açıqlayıb. O, Gürcüstan polisinin güc tətbiqini qəbuledilməz adlandırıb.
Qeyd edək ki, qarşıdurma səbəbindən təxminən 30 dəqiqə dayandırılan qarşılaşma Türkiyə klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Gürcüstan DİN-in açıqlamasında yaralanan azarkeşlərin sayı göstərilməyib. Saxlanılanların azadlığa buraxılması barədə hələ təsdiqlənmiş məlumat yoxdur.