BAKI, 3 fevral. TELEQRAF
İran ABŞ ilə razılaşmaya nail olmaq və regionda gərginliyi azaltmaq naminə öz nüvə proqramını dayandırmağa və ya xeyli dərəcədə məhdudlaşdırmağa hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti rəsmi mənbələrə istinadla yazıb.
İki rəsminin sözlərinə görə, Tehran nüvə proqramının icrasını dayandırmağa və ya müvəqqəti olaraq dondurmağa hazırdır, bu da Tehranda Vaşinqtona böyük güzəşt sayılır. Amma İran hakimiyyəti münaqişənin həlli üçün ABŞ-nin də iştirak etdiyi, nüvə enerjisinin istehsalı üzrə regional konsorsiumun yaradılmasını nəzərdə tutan variantı üstün tutur.
Qəzet ABŞ və İran rəsmilərinə istinadla qeyd edir ki, fevralın 6-da İstanbulda (Türkiyə) mümkün nüvə sazişi ilə bağlı danışıqlarda iştirak etməli olan İran xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff yazışma yolu ilə birbaşa təmasdadır. Bundan əlavə, NYT-nin məlumatına görə, Türkiyədə keçiriləcək görüşdə ABŞ prezidentinin kürəkəni və iş adamı Cared Kuşner, eləcə də Türkiyə, Qətər və Misirdən yüksək rütbəli rəsmilər iştirak edəcəklər.
İranın Ali rəhbəri Əli Xameneinin müşaviri Əli Şamxani də dolayı təmaslar zamanı qarşılıqlı anlaşma əldə olunacağı təqdirdə ABŞ ilə birbaşa danışıqların mümkünlüyünü istisna etməyib.
“Birbaşa danışıqlardan əvvəl dolayı danışıqlar olmalıdır. Əgər qarşılıqlı anlaşma əldə edilərsə və bu, sürətlə baş verərsə, onda birbaşa danışıqlara keçmək olar”.
İran rəsmisinin sözlərinə görə, bu halda danışıqlar yalnız nüvə məsələsi ilə məhdudlaşacaq və bu cür məhdudiyyət danışıqlar şərti kimi irəli sürülür.
Şamxani dialoq üçün İranın iki əsas şərtinə də diqqət çəkib:
“Birincisi, danışıqlar təhdid atmosferi və təzyiq alətləri olmadan aparılmalıdır; ikincisi, hər iki tərəf danışıqlar masasında ədalətli şəkildə təmsil olunmalı, proses qarşılıqlı anlaşma əldə edildikdən sonra məntiqsiz və əsassız tələblər olmadan başlamalıdır. Əgər danışıqlar mənim qeyd etdiyim bu iki şərt daxilində başlasa, o zaman Amerika ilə həm birbaşa, həm də dolayı görüşlərin keçirilməsi imkanı olacaq”.