BAKI, 2 fevral. TELEQRAF
“İran hökuməti ABŞ ilə bütün təmaslarda Tehrana tətbiq edilən birtərəfli sanksiyaların ləğvinə çalışacaq”.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi bildirib.
“İranın nüvə proqramının xarakterinə dair etimadın gücləndirilməsinə qarşılıq olaraq tələbimiz bu illər ərzində İran xalqına tətbiq edilmiş ədalətsiz sanksiyaların ləğvidir. Sanksiyaların ləğvi məsələsi istənilən qarşılıqlı diplomatik təmasda bizim üçün əsas prioritet olacaq”, - o deyib.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniin ABŞ ilə danışıqlar sisteminin qurulması barədə irəliləyiş haqda sözlərini şərh edən Bəqayi qeyd edib ki, hazırda müxtəlif aspektlər müzakirə olunur və Tehran istənilən diplomatik prosesin detalları ilə bağlı qərarlar qəbul edir, yaxın günlərdə nəticə əldə olunacağına ümid edir.
Yanvarın 31-də Əli Laricani bildirmişdi ki, İran və ABŞ arasında dialoqun qurulması üçün danışıqlar sistemi formalaşdırılır.