BAKI, 21 yanvar. TELEQRAF
“Terror təşkilatının sıxılıb qaldığı bölgələrdə mövcudluğunu davam etdirməsi artıq mümkün deyil. Bu mərhələdən sonra təxribatlara əl atmağın intihar mənasına gələcəyi çox açıqdır”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan YPG terror təşkilatının üzvlərinin Suriyanın Qamışlı rayonunda Türkiyə bayrağını təhqir etməsindən danışarkən deyib.
“Terror təşkilatının zorla silah altına aldığı azyaşlı döyüşçülərlə, təzyiq və zorakılıq tətbiq edərək meydana çıxardığı mülki insanlarla, dünən Nüsaybin-Qamışlı sərhədində etdiyi kimi şanlı bayrağımıza alçaqcasına hücum etməklə burada hanısa nəticə əldə etmək imkanı qalmayıb. Dünən əldə olunan razılaşmaya əməl edərək silahları yerə qoymaq və məsələni sakitliklə həll etmək yeganə çıxış yoludur.
Bayrağımıza uzanan murdar əlləri mütləq tapacaq və o xainlərdən mütləq hesab alacağıq. Müdafiə və Ədliyyə nazirliklərimiz zəruri araşdırmalara başlayıb. Aparılan istintaqların nəticəsində günahı olan kim varsa, onlar barəsində lazımi tədbirlər görüləcək”, - Türkiyə lideri vurğulayıb.