BAKI, 13 yanvar. TELEQRAF
“İran haqda danışılanlar medalın yalnız bir üzüdür, digər üz isə İrana qarşı təşkil olunmuş və çoxsaylı aktorların iştirak etdiyi kəşfiyyat fəaliyyətləri, imperialist təxribat və planlardır”.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı İranda davam edən ümumxalq etirazları barədə deyib.
MHP lideri bildirib ki, İranın narahatlığı, parçalanması və sancı içində qıvrılması Türkiyə və region ölkələrini də təhdid edir:
“Qonşu İranın siyasi və ərazi bütövlüyü, daxili sabitliyi Türkiyə üçün həyati, hətta ölüm-dirim məsələsidir. Hansı mərkəzlərin prosesə cəlb olunduğu, hansı planların həyata keçirildiyi və necə bir İranın hədəfləndiyini parkda oynayan uşaqdan soruşsaq, o belə bunu söyləyə bilər. Buna görə də aysberqin yalnız görünən hissəsinə deyil, suyun altında qalan hissəsinə də baxmaq lazımdır. İrana neştər vuran, onu iflic etmək üçün gizli əməliyyatlar aparan, siyasi, hərbi və iqtisadi təhdidlərlə küncə sıxışdırmağa çalışan mərkəzlərin kimliyi bəllidir. Onların bədxah və həyasız məqsədləri məlumdur. Təhdid son dərəcə tanış və yaxındır”.
Dövlət Baxçalı ABŞ və İsrailin baş verənlərdən sonra İrana qarşı hücum mövqeyi tutduğunu iddia edib:
“İrandakı hadisələrə siyasi, əxlaqi, inanc, mədəniyyət və qonşuluq bağları baxımından mütləq qarşı durulmalı, etiraz edilməlidir. Yaşadığımız coğrafiyanın alt-üst edilməsi etnik və məzhəbi xətlərin qırılaraq, düşmənçilik mövqelərinin daha da yenilənib güclənməsi hamımızın ziyanına olacaq. Buna görə də bu gün birlik və bərabərlik günüdür”.
MHP sədri Güney Azərbaycan türklərinin proseslərə yanaşmasına da diqqət çəkib: “İran türklərinin hadisələrə soyuqqanlı və məsafəli yanaşması çox dəyərli və təqdirəlayiqdir. İran xalqı imperialist layihələr və sifarişlərə imkan verməyəcək”.