BAKI, 12 yanvar. TELEQRAF
Avstraliya hökuməti vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə hökumətin sosial media hesabında bildirilib.
Açıqlamada deyilir ki, davam edən irimiqyaslı etirazlar fonunda İrandan çıxış imkanları sürətlə məhdudlaşmaqda davam edir, yaxın gələcəkdə hava məkanının bağlanması və uçuşların ləğv edilməsi ehtimalı var. Bu isə sonrakı mərhələlərdə ölkədən çıxışı qeyri-mümkün edə bilər.
Avstraliya hökuməti həmçinin vətəndaşlarını xəbərdar edib ki, İranda qalsalar, onların təhlükəsizliyinə görə məsuliyyət öz üzərlərinə düşəcək. Bununla yanaşı tövsiyə olunub ki, İranda qalacaqları təqdirdə zərurət yaranarsa, olduqları yerdə sığınsınlar, kifayət qədər su, ərzaq və dərman ehtiyatı saxlasınlar.
Tailand Xarici İşlər Nazirliyi də ölkə vətəndaşlarını İrana səyahət etməkdən çəkinməyə çağırıb.