BAKI, 8 dekabr. TELEQRAF
HƏMAS Hərəkatı münaqişənin həlli və müstəqil Fələstin dövlətinin yaradılması prosesinin bir hissəsi kimi İsrailə 5-7-10 il müddətinə atəşkəs və ya sülh təklif etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə HƏMAS Siyasi Bürosunun üzvü Bassem Naim bildirib.
“İlk növbədə, söhbət birinci mərhələnin (ABŞ Prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı sülh planının) tam başa çatmasından, ikincisi, müstəqil Fələstin dövlətinin yaradılması ilə nəticələnəcək siyasi prosesin başlanmasından gedir. Bu müddətdə 5-7-10 illik atəşkəs və ya sülhlə razılaşmağa hazırıq”, - o deyib.
Naim həmçinin bəyan edib ki, HƏMAS qarşıdurmadan qaçmaq üçün İsraillə danışıqlarda hərtərəfli yanaşmaya hazırdır. O, təfərrüatları açıqlamadan söyləyib ki, HƏMAS silahları yerə qoymağı da nəzərdən keçirə bilər.
“Bundan əlavə, münaqişə tərəfləri arasında etibarlı təhlükəsizlik razılaşmaları əldə edilməlidir ki, bu da fələstinlilərə hücum edilərsə, özlərini müdafiə etməyə imkan verməlidir”, - Bassem Naim vurğulayıb.