BAKI, 18 noyabr. TELEQRAF
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanla görüşə biləcəyini istisna etməyib.
Teleqraf xəbər verir ki, MHP lideri bəzilərinin məsələ ətrafında spekulyasiyalara yol verdiklərini söyləyib.
“İmralıya (Abdullah Öcalanın olduğu həbsxanaya – red.) getmək məsələsində ayaq sürüməyin mənası yoxdur. Hər kəs “üç meymunu oynamağa” davam edərsə, yanımda üç yoldaşımı götürər və İmralıya getməkdən çəkinmərəm. Prosesin əsas tərəfi ilə görüşmədən irəliləyiş necə olacaq? Dava yoldaşlarım, İmralıya getməyimə icazə verirsinizmi? Demək istədiklərimi qarşımdakı adamın gözlərinin içinə baxa-baxa deyərəm. Xalqın əsl qərarı budur.
“Terrorsuz Türkiyə” hədəfinin nəsi pisdir? Səhv olan tərəfi nədir? Boşboğazlıq edənləri terrorun bitməsi niyə narahat edir? Sülh və əmin-amanlıq sizin yuxularınızı niyə bu qədər qaçırır?”, - Baxçalı vurğulayıb.