BAKI, 14 oktyabr. TELEQRAF

Türkiyə Silahlı Qüvvələrinin Qəzza əməliyyat (və ya işçi) qrupunda iştirakı müzakirə olunur.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Prezident bildirib ki, qrupun strukturu ilə bağlı qiymətləndirmələr davam edir:

“Qəzza bölgəsində görülməsi gərəkən çox kritik işlər var. Həm tikinti, həm də bərpa məsələləri vacibdir. Tikinti işləri ilə bağlı “Kimlər bizimlə birlikdə rol oynaya bilər?” mövzusunu müzakirə etmişik. Körfəz ölkələrindən tutmuş Amerika və Avropa ölkələrinə qədər hər kəsin burada dəstəyini istəyirik və tələb edəcəyik.

Bərpa məsələsində də “Nələri birgə edə bilərik?” mövzusunu liderlərlə apardığımız ikitərəfli görüşlərdə müzakirə etdik. İlk təəssüratlar pis deyil. Onlar da “Biz burada rolumuzu oynayacağıq” deyirlər. İnşallah, verilən sözlər yerinə yetiriləcək.

Xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, MİT rəhbəri İbrahim Kalın başda olmaqla həmkarlarımız qarşı tərəflərlə görüşlər keçirəcək. Mən isə liderlərlə təmasda olacağam. “Bu prosesi necə idarə edə bilərik?” məsələsinə diqqət yetirəcəyik”.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə sülhün yanında olacaq və prosesi idarə edəcək: “Qəzzada sülh mühitinin yaradılması üçün çox həyəcanlıyıq, İnşallah, bu işi sürətlə davam etdirəcəyik. Xarici işlər naziri və kəşfiyyat rəhbəri bölgədəki tərəfdaşlarla görüşlərini davam etdirir, birgə nələr edə biləcəyimizi və necə edə biləcəyimizi araşdırırlar”.