BAKI, 9 oktyabr. TELEQRAF
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Qəzzada atəşkəsin əldə olunması ilə bağlı bəyanat yayıb.
Teleqraf xəbər verir ki, bəyanatda bildirilir:
"Qəzzada atəşkəsin təmin olunmasını məmnunluqla qarşılayır, bu atəşkəsin iki ildir davam edən soyqırımın sona çatmasına səbəb olmasını arzulayırıq. Əldə olunmuş razılaşmanın tam şəkildə icra olunmasını gözləyirik".
Nazirlik qeyd edib ki, atəşkəsin qüvvəyə minməsi ilə yanaşı, humanitar fəlakətin yaşandığı Qəzzaya təcili şəkildə humanitar yardımın çatdırılması və bölgənin yenidən qurulması istiqamətində işlər dərhal başlanmalıdır.
"Türkiyə bundan sonra da Qəzzaya intensiv humanitar yardım göstərməyə davam edəcək. Yaxın Şərqdə davamlı sülh yalnız İsrail-Fələstin məsələsinə ədalətli bir həll tapılması ilə mümkündür. Atəşkəs danışıqlarında əldə olunan bu irəliləyişin gələcəkdə iki dövlətli həllin həyata keçirilməsinə də töhfə verəcəyinə ümid edirik. Atəşkəs danışıqlarında vasitəçilik edən Qətər, Misir və ABŞ-nin səyləri yüksək qiymətləndirilir və Türkiyə razılaşmanın icra mərhələsində də öz dəstəyini davam etdirəcək",- bəyanatda deyilir.