BAKI, 13 iyul. TELEQRAF

Fələstinin radikal HƏMAS hərəkatı İsrailin Silahlı Qüvvələrinin Qəzza zolağından çıxarılması üzrə Qətərin 2025-ci ilin yanvarında təklif etdiyi plana qayıtmağa və cüzi güzəştlərə getməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı Fələstin mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, HƏMAS nümayəndələri Dohada keçirilən məsləhətləşmələr zamanı hərəkatın 2025-ci ilin əvvəlində qətərli vasitəçilərin təqdim etdiyi planın müzakirəsinə qayıtmağa hazır olduğunu bildiriblər. Sənəd İsrail qoşunlarının Fələstin anklavının sərhədindən 700 metr dərinliyə, həmçinin zolağın bəzi bölgələrində 400 metr dərinliyə çəkilməsini nəzərdə tutur.

“Əl-Ərəbiyyə”nin mənbələri qeyd edir ki, HƏMAS bu planın bəzi bəndləri üzrə müəyyən gözəştlərə gedə bilər. Bununla yanaşı, hərəkat Rəfah və Xan-Yunis şəhərləri arasında Qəzza zolağını şərqdən qərbə kəsən “Moraq” oxu adlanan ərazidə İsrail bölmələrinin qalmasına qətiyyən razı deyil. Hərəkatın rəhbərliyi hesab edir ki, İsrail hərbçilərinin bu bölgədə olması təxminən 400 min fələstinlinin Rəfaha qayıtmasına mane olacaq.