BAKI, 22 iyun. TELEQRAF
Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi hücumun mümkün nəticələrindən dərin narahatlıq keçirdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə bəyanat qurumun rəsmi saytında dərc olunub.
Bəyanatda qeyd olunub ki, İsrailin bölgədəki təcavüzkar siyasəti ilə başlayan münaqişənin genişlənməsi və regional sabitliyin pozulması riski ilə bağlı Türkiyə dəfələrlə xəbərdarlıq edib. Bildirilib ki, 22 iyun tarixində ABŞ tərəfindən həyata keçirilmiş hücum bu riski maksimum səviyyəyə çatdırıb.
“Türkiyə ABŞ-ın İran İslam Respublikasının nüvə obyektlərinə hücumunun doğura biləcəyi nəticələrdən dərin narahatlıq duyur. Davam edən hadisələr regional münaqişənin qlobal qarşıdurmaya çevrilməsinə gətirib çıxara bilər. Bu fəlakətli ssenarinin gerçəkləşməsini istəmirik”, – bəyanatda vurğulanır.
Ankara bütün tərəfləri məsuliyyətli davranmağa, hücumları dərhal dayandırmağa və daha çox itki və dağıntıya səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
“İranın nüvə proqramı ətrafında yaranmış münaqişənin yeganə həll yolu dialoq və diplomatiyadır. Beynəlxalq ictimaiyyəti tərəflər arasında sülh yolu ilə həllin tapılması istiqamətində göstərilən səyləri dəstəkləməyə çağırırıq”, – bəyanatda qeyd edilib.