BAKI, 8 sentyabr. TELEQRAF
“Ənsarallah” Hərəkatının (husilər) Səudiyyə Ərəbistanının dərinliklərinə zərbələri davam edəcək, daha güclü və genişmiqyaslı hücumlar həyata keçiriləcək”.
Teleqraf xəbər verir ki, bunu Yəməndə fəaliyyət göstərən silahlı qruplaşmanın sözçüsü Əmin Həyyan deyib.
Həyyan Səudiyyə Ərəbistanındakı enerji obyektlərinə son hücumlara toxunaraq bildirib: “İstənilən hücuma qətiyyətli cavab veriləcək və Səudiyyə düşməninə qarşı daha güclü və genişmiqyaslı hücumlar həyata keçirməkdən çəkinməyəcəyik”.
Husilərin sözçüsü Səudiyyə Ərəbistanının mövqelərinə hücumları “genişmiqyaslı əməliyyat” adlandırıb:
“Əməliyyatlarımızı Səudiyyə Ərəbistanı ərazisinin dərinliklərində və onun qüvvələrinin cəmləşdiyi məntəqələrə qarşı davam etdirəcəyimizi bəyan edirik. Ölkəmizə hücumlar dayandırılana və blokada aradan qaldırılana qədər “blokadaya qarşı blokada” prinsipini möhkəmləndirəcəyik”.
Xatırladaq ki, “Ənsarallah” qüvvələrinin Səudiyyə Ərəbistanının şəhərlərinə hücumu nəticəsində qadın və uşaqlar da daxil olmaqla, azı 73 nəfər xəsarət alıb. Abha, Xamis-Muşayt, Cizan və Nəcran şəhərlərində mülki və iqtisadi obyektlərə hücum edilib.
Səudiyyə Ərəbistanı husilərə qarşı bütün zəruri tədbirlərin görüləcəyini açıqlayıb.