BAKI, 8 sentyabr. TELEQRAF
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi husilərin ölkənin cənubundakı dörd bölgədə mülki və iqtisadi obyektlərə həyata keçirdiyi hücumları pisləyib.
Teleqraf xəbər verir ki, hücumlar nəticəsində qadın və uşaqlar da daxil olmaqla, 73 mülki şəxs yaralanıb.
Səudiyyə Ərəbistanı XİN-in bəyanatına əsasən, hücumların hədəfi Abha, Xamis-Muşayt, Cizan və Nəcran şəhərləri olub. Nazirlik həmçinin husiləri Qırmızı dənizdə ticarət gəmilərinə hücumları davam etdirməkdə və beynəlxalq naviqasiya azadlığını təhdid etməkdə ittiham edib.
Rəsmi Ər-Riyad bildirib ki, husilərin bu yanaşması Yəmənin və region ölkələrinin təhlükəsizliyi və sabitliyini təhdid edir. Nazirlik qeyd edib ki, husilər sülh səylərini rədd etməkdə davam edirlər.
Səudiyyə Ərəbistanının xarici siyasət qurumu ölkənin suverenliyini müdafiə etmək, milli obyektləri qorumaq və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görmək hüququnu da vurğulayıb:
“Səudiyyə Ərəbistanı öz ərazisinə və obyektlərinə hücumlara qarşı güzəştə getməyəcək və atacağı addımları beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirəcək”.
Səudiyyə Ərəbistanı həmçinin husilərin mülki şəxslərə və mülki infrastruktura qarşı hücumlarının davam etməsi ilə bağlı xəbərdarlıq edərək, hücumların və naviqasiya təhlükəsizliyinə yönəlmiş təhdidlərin dərhal dayandırılmasına çağırıb.