ŞUŞA, 8 sentyabr. TELEQRAF
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Vətən müharibəsindən sonra xaricdə yaşayan soydaşlarımızın dini-mənəvi ehtiyaclarının ödənilməsi istiqamətində fəaliyyətini daha da gücləndirib.
Bunu Teleqraf-ın Qarabağ bürosuna açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə Türkiyə və Gürcüstanda yaşayan soydaşların işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil olunur:
“İndiyədək bu ölkələrdə yaşayan, din sahəsində fəaliyyət göstərən soydaşlarımızın Qarabağa səfərlərini təşkil etmişik. Əvvəlki səfərlərdən fərqli olaraq, bu dəfə İraqda yaşayan soydaşlarımız da səfərdə iştirak edirlər.
Bu gün burada olmaq, gələn qonaqlarımızın məscidləri ziyarət edərkən keçirdikləri hissləri, göz yaşlarını görmək çox duyğuludur. Bu anlar, eyni zamanda, şəhidlərimizin ruhunun necə şad olduğunu göstərir”.
Komitə nümayəndəsi qeyd edib ki, səfər “Zəfər yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində həyata keçirilir.
“Bu şüarın seçilməsi təsadüfi deyil. Bu, əslində 50 milyonluq Azərbaycan xalqının zəfər yoludur. Biz istəyirik ki, bu yolun yolçuları təkcə müstəqil Azərbaycan dövlətinin vətəndaşları deyil, 50 milyonluq xalq, bütün dünyada yaşayan soydaşlarımız olsunlar”, – deyə o bildirib.