BAKI, 14 iyun. TELEQRAF

Təbriz şəhərində yerləşən neft emalı zavodu İsrail Hərbi Hava Qüvvələri tərəfindən hədəfə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

“Təbrizdə yerli neft emalı zavodunun yaxınlığına zərbələr endirilib”, - məlumatda deyilir.

Müəssisə rəhbərliyi hücumlardan sonra verdiyi açıqlamada zavoda heç bir ziyanının dəymədiyini bəyan edib.

Məlumata görə, İsrail indiyədək İranda 400-dən çox hədəfə hücum edib və Natanz və İsfahanda nüvə obyektlərinə əhəmiyyətli zərbələr vurub. Fordo nüvə obyektinə qismən ziyan dəyib. İsfahanda zənginləşdirilmiş uran üçün infrastruktur məhv edilib.

***

12:49

İsrail Hərbi Hava Qüvvələri Təbriz şəhərinə hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Məlumatda deyilir ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Təbriz şəhərindəki hədəfləri bombardman edib.

Qeyd olunur ki, şəhərə hava zərbələrindən sonra partlayış səsləri eşidilib. Hücumun nəticələri barədə məlumat verilməyib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə müəssisəsinin məhv edildiyini təsdiqləyib.

Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə daxil olmaqla iyirmi yüksək rütbəli zabit və altı nüvə fizikası mütəxəssisi həlak olub. Ümumilikdə isə, onlarla şəxsin həlak olduğu, yüzlərlə şəxsin isə yaralandığı bildirilir.

İran iyunun 14-ündə gecə saatlarında “Əsl vəd-3” adı altında paytaxt Təl-Əviv şəhəri İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirib. Nəticədə, 3 nəfər hələk olub, onlarla şəxs yaralanıb.

Hücumlardan sonra İranın bütün hava limanlarında bütün uçuşlar növbəti xəbərdarlığa qədər dayandırılıb.