BAKI, 22 iyun. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov ölkəsində işgüzar səfərdə olan Özbəkistan Baş naziri Abdulla Aripovu qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyası məlumat yayıb.
Tərəflər görüş zamanı siyasi-iqtisadi əməkdaşlığa xüsusi diqqət ayıraraq, ikitərəfli gündəliyin aktual məsələləri üzrə geniş fikir mübadiləsi aparıblar.
Dövlət başçısı iki ölkə arasında strateji tərəfdaşlığın davamlı şəkildə inkişaf etdiyini vurğulayıb və sabah keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclasının ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərinin daha da irəli aparılması baxımından mühüm addım olacağına əminliyini ifadə edib.
Özbəkistan Baş naziri iki ölkənin liderləri arasında əldə olunmuş yüksək səviyyəli razılaşmaların praktikada həyata keçirilməsi üçün bütün zəruri addımları atmağa hazır olduqlarını bildirib.