BAKI, 25 iyun. TELEQRAF

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan dörd nəfərdən sonuncusunun meyiti tapılıb.

Bu barədə Teleqraf-ın sorğusuna Fövqəladə Hallar Nazirliyindən cavab olaraq bildirilib.

Məlumata görə, 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun meyiti sahildə aşkar edilib.

***

09:27

Mərdəkan çimərliyində itkin düşmüş 4 nəfərdən sonuncusu - Pərviz Məcidovun da meyiti tapılıb.

Bu barədə Teleqraf-a mərhumun atası Zöhrab Məcidov məlumat verib.

Onun bildirdiyinə görə, oğlunun meyiti gecə saat 3 radələrində batmamışdan öncə çimərliyə daxil olduğu qayalıq ərazidən 3 metr kənarda aşkarlanıb.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əli Gənctürk

***

22 iyun

16:57

Axtarışlar nəticəsində dalğıc-xilasedicilər tərəfindən 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun meyiti tapılıb sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Digər şəxs - 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları isə davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

15:29

Dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun və 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Digər vətəndaşlar - 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun və 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

15:12

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Hazırda dalğıc-xilasedicilər tərəfindən vətəndaşların batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.