BAKI, 22 iyun. TELEQRAF
Azərbaycan coğrafi olaraq Mərkəzi Asiyanın bir parçası olmasa da, tarixi bağlar və nəqliyyat-logistika sahəsindəki layihələr regionun vahid geosiyasi bölgə kimi qəbul edilməsinə zəmin yaradır.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatla çıxış edərkən deyib.
Prezident vurğulayıb ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində Türkmənistanın fəal dəstəyi yüksək qiymətləndirilir:
"Mən buna tarixi hadisə kimi baxıram, çünki coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi əlaqələrimiz, həmçinin bu gün regional qarşılıqlı əlaqə və nəqliyyat-logistika problemləri ilə bağlı həll etdiyimiz konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır. Təbii ki, biz ilk gündən çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərməyə başladıq".