BAKI, 12 may. TELEQRAF

“Avropa üçlüyü” (Böyük Britaniya, Fransa və Almaniya ) İranla nüvə sazişi üzrə danışıqlarda iştirak etmək üçün xoş niyyətini sübut etməlidir”.

Teleqraf xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani deyib.

“Avropa ölkələrinə gəlincə, ilk növbədə öz xoş niyyətlərini sübut etməlidirlər, sonra biz onlarla dialoqu (nüvə sazişi üzrə) davam etdirəcəyik”, - Mohacerani bildirib.

Xatırladaq ki, İran və Avropa ölkələri mayın 2-də İranın nüvə proqramı ilə bağlı məsləhətləşmələr aparmalı idi, amma ABŞ-nin Tehranla danışıqların dördüncü raundunu təxirə salmasından sonra Fransa xarici işlər naziri Jan-Noel Barro bəyan edib ki, nüvə məsələsi ilə bağlı görüş baş tutmayacaq. Nazir texniki məsləhətləşmələrin ABŞ və İran arasında yüksək səviyyəli görüşdən əvvəl planlaşdırıldığını qeyd edib. Onun sözlərinə görə, həmin görüş baş tutmadığından məsləhətləşmələr ən azı indiki vaxtda aktuallığını itirib.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Tehran ABŞ ilə məsləhətləşmələrin dördüncü raundu baş tutandan sonra “Avropa üçlüyü” ilə görüşə hazırdır.