BAKI, 27 noyabr. TELEQRAF
Avropa İttifaqının (Aİ) 2028–2034-cü illər üzrə büdcəsi ilə bağlı fikir ayrılıqları qurumun Brüsseldə keçirilən sammitinin nəticəsiz başa çatmasına səbəb ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə danışıqların gedişindən məlumatlı mənbələrə istinadən “RIA Novosti” məlumat yayıb.
Bildirilib ki, bir sıra üzv dövlətlər Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın təşəbbüsü ilə kiçik qruplar formatında təşkil olunan məsləhətləşmələrdə iştirakdan imtina ediblər.
“Aİ büdcəsinin xərclərinin məhdudlaşdırılmasının tərəfdarı olan Finlandiya, İsveç, Danimarka və Avstriya təklif olunan məsləhətləşmə formatında iştirakdan faktiki olaraq imtina ediblər”, – mənbələr bildiriblər.
Yaranmış fikir ayrılıqlarına baxmayaraq, Koşta dialoqu davam etdirir və digər üzv dövlətlərin nümayəndələri ilə görüşlər keçirir.
Xatırladaq ki, daha əvvəl “Rapporteur” nəşri Fransa Prezidenti Emmanuel Makronun ən böyük donor ölkələrin büdcə töhfələrinə düzəliş mexanizmi daxil ediləcəyi təqdirdə Aİ-nin yeddiillik büdcə layihəsini bloklayacağı barədə xəbər yaymışdı.