BAKI, 20 aprel. TELEQRAF
İsrail Ordusunun (İDF) Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir Şimal Komandanlığının komandirinin müşayiəti ilə Suriyanın işğal olunmuş ərazilərinə səfər edib və təhlükəsizlik səviyyəsini qiymətləndirib.
Teleqraf xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Səfər çərçivəsində general-leytenant Zamir yerlərdə komandirlər və əsgərlərlə görüşüb, davam edən müdafiə və hücum əməliyyatlarının planlarını təsdiqləyib.
"Bura həyati əhəmiyyət kəsb edən bir yerdir. Suriya dağıldığı üçün buraya gəldik və buna görə də biz əsas nöqtələri saxlayırıq və özümüzü ən yaxşı şəkildə qorumaq üçün cəbhə xəttindəyik", - Zamir bildirib.
O, dağın zirvəsində yerləşdirilən qoşunların yanında dayanaraq ərazinin strateji əhəmiyyətini vurğulayıb: "Burada hadisələrin necə inkişaf edəcəyini bilmirik, lakin buradakı bazamız təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir. Əsgərlərimiz təhlükəsizlik zonasında fəaliyyətini davam etdirəcək və sakinləri istənilən təhlükədən qoruyacaq”.