BAKI, 17 mart. TELEQRAF

Ankara yaxın günlərdə Suriya ordusuna təlimləri müzakirə etmək üçün Dəməşqə hərbi nümayəndə heyəti göndərəcək və türk zabiti bu ölkənin Müdafiə Nazirliyində hərbi müşavir təyin olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti mənbələrə istinadla yazıb.

“Dəməşqlə hərbi əməkdaşlıq çərçivəsində Suriya ordusunun yenidən qurulmasına töhfə verəcəyik və Suriya ordusunun potensialını gücləndirmək üçün onu ən müasir müdafiə sənayesi məhsulları ilə təmin edəcəyik. Bundan əlavə, bir zabitimiz Suriya ordusuna hərbi müşavir təyin olunacaq. Artıq hərbi attaşemiz öz vəzifəsinə başlayıb”, - rəsmi mənbə nəşrə deyib.

Mənbə bir türkmən nazirin Suriyanın yeni kabinetində yer alacağını da bildirib:

“Suriyanın yeni kabineti necə olacaq? Suriyanı tam əhatə edən bir kabinet olacağı deyilir. Bu, Suriyanın bütövlüyünün qorunması üçün çox önəmli olacaq. 61 ildən sonra kabinetdə kürdlər, ərəblər, nüseyrilər, xristianlar və türkmənlər təmsil olunacaq”.

“Hürriyet” xatırladıb ki, bu və digər məsələlər Türkiyə xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalının martın 13-də Dəməşqə səfərində müzakirə olunub.