Gənclər arasında yaranan mübahisədə 1 nəfər bıçaqlandı, 1 nəfər həbs edildi

Bakı Apelyasiya Məhkəməsində 1986-cı il təvəllüdlü Samir Qədirovun apelyasiya şikayəti üzrə məhkəmə baxışı başa çatıb. İttihama görə, Samir Qədirov ötən il iyul ayının 9-da evinin qarşısında ucadan danışmaqla səs saldığına görə qonşusu Ceyhun Əhmədovla mübahisə edib.

Mübahisə zamanı Ceyhun Əhmədovun onu əli ilə vurmasından hiddətlənən Samir Qədirov bıçaqla qonşusuna zərbə endirib. Ağır dərəcəli bədən xəsarəti almış yaralını qonşular xəstəxanaya çatdırıblar. Tibbi yardım hesabına onun həyatını xilas etmək mümkün olub.

Törətdiyi cinayət əməlinə görə Samir Qədirova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxs qismində dindirilən Samir Qədirov elan olunmuş ittihamla özünü təqsirli bilib.

O, ifadəsində hadisə baş verən gün yaşadığı məhəllədə qardaşı Qədirlə danışıb-güldüyünü göstərib: "Qonşuluqda yaşayan Ceyhun bizə yaxınlaşıb ucadan danışıb-gülməyimizə irad tutdu, mübahisə etməyə başladı. Ceyhuna "sən kimsən ki, bizə danışıb-gülmək qadağası qoyursan" dedim. Bu sözlərim onun xoşuna gəlmədi və gözlənilmədən əli ilə başıma şillə vurdu. Ceyhunun bu hərəkəti məni o qədər əsəbləşdirdi ki, evə keçib masanın üstündən bıçaq götürüb yenidən həyətə çıxdım. Əlimdəki bıçaqla Ceyhuna bir dəfə zərbə endirdim, onun yerə yıxıldığını görüb geri çəkildim".

Təqsirləndirilən şəxs tutduğu əməldən peşmanlıq çəkdiyini, qonşusunu öldürmək niyyətində olmadığını deyib.

Zərərçəkmiş şəxs qismində dindirilən Ceyhun Əhmədov ifadəsində axşam saatlarında bir neçə nəfər şəxsin evin qarşısında ucadan danışıb-güldüklərini eşidincə onlara irad bildirdiyini deyib: "Qardaşlardan biri - Samir mənə kobud cavab qaytardı deyə aramızda xırda mübahisə yarandı. Əlimlə sifətinə yüngülcə vurdum. Samir tələsik həyətə keçib geri qayıtdı. Gözlənilmədən əlində gətirdiyi bıçaqla qarın nahiyəmə zərbə endirdi. Zərbənin təsirindən müvazinətimi saxlaya bilməyib yerə yıxıldım, huşumu itirdim".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Qədirov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Samir Qədirov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar açıqlanıb. Samir Qədirovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 3 il 6 aya endirilib.

Hacı Zeynalov