BAKI, 17 dekabr. TELEQRAF

Sabirabad rayonunda kriminal aləmlə bağlı paylaşım edən şəxs inzibati məsuliyyətə cəlb edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuş 1982-ci il təvəllüdlü Nazim Qəmbərov (ad-soyad şərti verilib – red.) kriminal aləmlə bağlı sosial şəbəkədə paylaşım etməsinə görə polis əməkdaşları yaşadığı kənddə ona yaxınlaşıb, profilaktik söhbət aparılması məqsədilə şöbəyə dəvət ediblər.

Həmin şəxs orada uca səslə polislərlə mübahisə etməyə başlayıb.

Qəmbərovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Qəmbərov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, dekabrın 14-də yaşadığı evdə olarkən polis əməkdaşları gəlib onu çölə çağırıblar:

“Orada “Odnoklassniki” sosial şəbəkəsində kriminal aləmlə bağlı paylaşım etdiyimə görə şöbəyə getməli olduğumu bildirdilər. Mən polis əməkdaşlarına paylaşımın 8 il bundan əvvəl olduğunu, artıq heç kimin “Odnaklassniki” sosial şəbəkəsindən istifadə etmədiyini, özümün də parolu unutduğumu bildirdim. Bu xüsusda bir qədər ucadan danışdım. Hazırda barəmdə tərtib edilmiş protokol üzrə özümü təqsirli bilirəm. Əməlimdən peşmanam”.

Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Qəmbərov 100 manat məbləğində cərimə olunub.

Şəxsin inzibati qaydada həbsdə saxladıldığı müddət nəzərə alınmaqla qəti olaraq 50 manat məbləğində cərimə tənbehi saxlanılıb.