BAKI, 17 dekabr. TELEQRAF
Bakının Yasamal rayonunda cinsi azlığın nümayəndəsi həbs edilib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə dekabrın 16-da, gecə saat 4 radələrində baş verib.
1995-ci il təvəllüdlü Ülvi Xəlilov (ad-soyad şərti verilib – red.) yaşadığı Yasamal rayonu ərazisində gecəyarısı səs-küy salıb.
Bununla bağlı qonşular polisə şikayət edib. Xəlilov cinsi azlığın nümayəndəsidir. Yaşadığı yer üzrə qonşuları tərəfindən mütəmadi polis şöbəsinə yazılı və şifahi şikayətlər daxil olub.
Ötən gün də daxil olmuş şikayət əsasında o, şöbəyə dəvət olunan zaman səs-küy salıb, ünvansız söyüşlər işlədib, polisin qanuni tələblərinə tabe olmayıb.
Xəlilovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmama) maddəsi ilə ittiham edilib.
İş üzrə izahat verən Xəlilov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ticarət mərkəzindən qayıdan zaman nizamsız və aqressiv davranışlar nümayiş etdirib:
“Bundan sonra Post Patrul Xidməti əməkdaşları onlara yaxınlaşıblar və aralarında mübahisə yaranıb. Ünvansız təhqiredici ifadələr işlədərək polis işçisinin tələbinə qərəzli şəkildə tabe olmamışam. Törətdiyim əməldən peşmanam”.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə Xəlilov 15 gün müddətinə inzibati qaydada həbs edilib.